Art haus

Art haus kino (ing. Art house) - müstəqil çəkilən (“müstəqil kino”), kommersiya (satış) üçün nəzərdə tutulmayan filmlərdir. “Art haus” məhsulu kütləvi deyil, məhdud auditoriya üçün nəzərdə tutulur.[1]

Adətən bu cür filmlərdə kinematoqrafçılar bədii təsvirin daha ifadəli formalarının axtarışı ilə məşğul olur və kino dilini genişləndirir. Buna görə də həmin filmlər kino sənətini kifayət qədər anlayan, fərdi bilik səviyyəsi buna imkan verən tamaşaçı üçün nəzərdə tutulub. Hələ ilk filmlərdə - Jorj Melyes, D.Qriffit və ya Sergey Eyzenşteynin ekran əsərlərində “kino qaydaları” yenicə təşəkkül tapırdı. Lakin sonrakı dövr avanqardizmin nümayəndələri Luis Bünüelin, Jan Koktonun filmlərində kino əsl yaradıcı sənət növü kimi çıxış etməyə başladı.[2]

Daha sonrakı mərhələdə Fransa kinosunda “Yeni dalğa” cərəyanının nümayəndələri Jan Lük Qodar, Fransua Trüffo, Erik Romer hələ “çılğın” tənqidçi kimi çıxış etdikləri zaman “Kaye dü Sinema” (Les Cahiers du cinema) kinojurnalında “müəllif kinosu” terminini icad etdilər. Onları müəllif imzasının fərdiliyi maraqlandırırdı. Lakin bu termini ünvanladıqları sənətkarlar fərdiliyin fərqinə varmadan filmlər çəkirdilər. Onlardan biri isə məşhur Alfred Hiçkok idi. O, filmdə formanı dəyişərək müxtəlif kino həllinə nail olurdu. Klassik variant - “Həyətə pəncərə” - kameranın hərəkətini məhdudlaşdırmaqla nə baş verər? Və ya tammetrajlı detektiv filmi səkkiz kadra yerləşdirmək? (“İp” filmi). Həqiqətən onun dünyası individual və fərqli idi.

  1. ""Art haus" kino nədir?". medeniyyet.az. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 Fevral 2018.
  2. Ebert, Roger. "Chungking Express Movie Review (1996)". Chicago Sun-Times. March 15, 1996. April 14, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 22, 2018 – www.rogerebert.com vasitəsilə.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search